
Tarzən Mirzə Sadıq Əsəd oğlunun ifaçılıq ənənələrindən bəhrələnmişdir. Mirzə Mansur “Rast”, “Şur”, “Segah”, “Mahur-Hindi” və s. muğam dəstgahlarını ustalıqla çalmış, muğam nəzəriyyəçisi kimi tanınmışdır. 1922-ci ildən Azərbaycan Dövlət Türk Musiqi Məktəbində, 1926 – 1946 illərdə Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir. Mirzə Mansurun ifasında “Rast”, “Zabul” muğamları T.Quliyev tərəfindən, “Dügah” muğamı Z.Bağırov tərəfindən 1936-cı ildə nota salınmışdır. M.Mansurov Ü.Hacıbəylinin yaxın məsləkdaşı olmuşdur. 1925 ildə muğamat dərsləri üzrə ilk proqramın yaradılması prosesində yaxından iştirak etmişdir. Eyni zamanda, Ü.Hacıbəylinin təşəbbüsü ilə tar alətini təkmilləşdirmişdir. Onun yeni quruluşda hazırladığı tar aləti Paris və İstanbul incəsənət sərgilərində nümayiş etdirilmişdir (1934).