Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir.
Dekabrın 18-də Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuşdu.
Tədbir Azərbaycan Televiziyası və Radiosunun “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.
Konsertdə xalq artistləri - Nəzakət Teymurova - “Bir gül sevdim”, Nazpəri Dostəliyeva -“Axı mən neyləyərəm”, əməkdar artistlər - Almaz Orucova -“Nə gözəldir”, Rəşad İlyasov -“Eşqimi sönməyə qoymaram”, Bəyimxanım Vəliyeva -“Azərbaycanım”, Azərbaycan Televiziyası və Radiosunun solistləri- Rəvanə Əmiraslanlı -“Qəşəngdir”, Rövşən Əziz -“Təzə il”, Ayşən Mehdiyeva -“Gəl belə naz etmə” mahnılarını ifa etdilər.
İfaçıları xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edirdi.
Tədbiri əməkdar artist Rəşad İlyasov aparırdı.
Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetdi.
Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik, etnik və caz musiqisinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.