
Muğam Mərkəzində dahi Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib
Beynəlxalq Muğam Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Hüsnü-cəmal, əqli kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlandırılması və yekun konserti baş tutmuşdur.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov cıxış edərək, Nəsimi poeziyasının dərinliyindən söhbət açaraq, müsabiqənin məqsədləri və əhəmiyyəti haqqında danışdılar, tələbələrə təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Sonra “Hüsnü-cəmal, əqli kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsində I, II və III yerlər tutan tələbələrə diplomlar və pul mükafatları təqdim edildi.
Mükafatlandırma mərasimindən sonra baş tutan ədəbi-musiqili konsertdə Xalq artisləri Gülyanaq Məmmədova və Teyyub Aslanovun ifasında İmadəddin Nəsiminin qəzəllərindən ibarət muğam parçaları, eləcə də müsabiqə qalibləri və laureatları olan tələbələrin ifasında dahi şairin şerləri səsləndi.
20.04.2019