Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində ilin ilk muğam gecəsi təşkil olunub
Yanvarın 13-də Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən və xanəndə Şirulla İmanovun xatirə gecəsi təşkil olunub.
Xatirə gecəsində Xalq artistləri Vamiq Məmmədəliyev, Ramiz Quliyev unudulmaz sənətkarla bağlı xatirələrini bölüşüblər.
Tədbirin bədii hissəsində Əməkdar artistlər Təyyar Bayramov, İlkin Əhmədov, Səbuhi İbayev , Səbuhi Cəfərov (tarzən) və xanəndə Səbinə Ərəblinin ifaları təqdim edilib.
Sonda tarzənin nəvəsi Vuqar İmanov çıxış edərək tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, vaxtilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş Şirulla İmanov ötən əsrin əvvəlində Bakıda keçirilən konsertlərdə uğurlu çıxışlar edib. Tarzənin bacarığını yüksək qiymətləndirən dahi bəstəkar Üzeyir Hacıbəyli opera tamaşalarında tar ifaçılığını ona həvalə edib. Ş.İmanov yaradıcılığa başladığı ilk dövrlərdə iki premyeranın iştirakçısı olur. Bunlardan biri 1916-cı ildə “Tağıyev teatrı”nda Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Əhməd Bədəlbəyli və digər korifey sənətkarların iştirakı ilə səhnəyə qoyulan Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”, digəri isə 1919-cu ildə Müslüm Maqomayevin “Şah İsmayıl” operası olur. Bu premyeraların uğurundan ruhlanan gənc Şirulla söz verir ki, nə vaxtsa bu səhnədə özünü xanəndə kimi də sınayacaq. Bir neçə ildən sonra arzusu reallaşır. O, Opera və Balet Teatrı və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərir. M.Maqomayevin “Şah İsmayıl”, Z.Hacıbəyovun “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Şeyx Sənan” operalarında sənətkar həm vokal, həm də tar ifaçısı kimi tamaşaçıların rəğbətini qazanır.