Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş tədbir keçirildi
Dekabrın 29-da Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbir “Dədə Ələsgər Ocağı” İctimai Birliyi, AMEA Folklor İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində reallaşdı. Tədbir “Aşıq Ələsgər” adlı sənədli filmin nümayişi ilə başlandı. Daha sonra “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli çıxış etdi. Diqqətə çatdırdı ki, ictimai birlik ustad aşığın 200 illik yubileyi ilə əlaqədar bir sıra layihələr həyata keçirib. Aşığın bir neçə kitabı nəşr edilib. Kitablardan biri gürcü biri isə alman dilində nəşr edilib. Həmçinin noyabr ayında Türkiyədə TÜRKSOY, Azərbaycan Mədəniyyət Nazirliyi və Milli Məclisin Mədəniyyət komitəsinin birgə təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Türkiyədəki Səfirliyi və Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə 200 illik yubiley tədbiri keçirildi, Aşıq Ələsgərin nəfis tərtibatda kitab təqdim olundu.
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək Aşıq Ələsgər irsindən söz açdı. Diqqətə çatdırdı ki, yola saldığımız il Qələbəmizin ildönümü ilə yadda qalmaqla bərabər həm də iki ədəbiyyat nümayəndəmizin yubileyi ilə tarixə yazıldı. Cənab Prezidentin Sərəncamı ilə 2021-ci il “Nizami İli” elan edildi və Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi ilə bağlı sərəmcam imzalandı. Əminliklə deyə bilərəm ki, Aşıq Ələsgər aşıq sənətimizin Nizamisi və Füzulisidir. Akademik el sənətkarının irfani fikirlərinə xüsusi toxunaraq onun heç təriqətin nümayəndəsi olmadığı halda sufi şairlərdən, xüsusən Nəsimidən bəhrələndiyini vurğuladı. Qeyd etdi ki, təəsüüf olsun ki, biz bu gün Aşıq Ələsgərin nə səsinin şahidiyik nə dastan deməsinin . Buna baxmayaraq amma onun sözü qalıb. Bu isə onu isbat edir ki, Aşıq Ələsgər aşıq sənətimizin zirvəsidir. Akademik bildirdi ki, Aşıq Ələsgər təkcə Azərbaycan xalq mədəniyyətinin yox, bütövlükdə türk xalq mədəniyyətinin simvolu və ən uca zirvələrindən biridir. Akademik M.İmanov Aşıq Ələsgərin bütövlükdə ozan sənətinin qədim dövrlərdən gələn ana xətlərinə bağlı bir sənətkar olduğunu qeyd edərək, onu bu kontekstdən kənarda təhlil etməyin yanlış nəticələrə yönəldə biləcəyini vurğuladı. Aşıq Ələsgərin ənənə içərisində böyük sənətkar olduğunu xatırladan akademik bildirib ki, bu dahi sənətkarın ən üstün və bizə doğma gələn cəhəti onun dil, üslub, məfkurə, təlim, dini dünyagörüş baxımından ənənəyə hədsiz dərəcədə bağlılığı və bu bağlılığın içərisində özünün sənətkar fərdiyyətinin olmasıdır.
Daha sonra aşıqların iştirakı ilə konsert proqramı təqdim edildi. AMEA Folklor İnstitutunun “Dədə Qorqud” folklor ansamblının bədii rəhbəri, Əməkdar artist Nuriyyə Hüseynova, Ədalət Nəsibov adına musiqi təhsil mərkəzinin “Xarıbülbül” saz ansamblı, “Abşeron” saz ansamblı, aşıqlar Ədalət Dəlidağlı, Təbriz Vəliyev , Kərəm Təbrizoğlu , solmaz Kosayeva və başqa ifaçıların çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılandı. Gecədə həmçinin Aşıq Ələsgərin şeirlərindən nümunələr səsləndirildi.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir. Bu silsilədən "Muğam axşamları", "Dastan gecələri", "Etnik musiqi inciləri", "Aşıq musiqisi axşamları"nı qeyd edə bilərik.