
Beynəlxalq Muğam Mərkəzində “Qadın ətirli tanqo” adlı konsert proqramı təqdim edildi
Martın 6-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Fidan Hacıyevanın yaratdığı xanımlardan ibarət “Mezzo” kamera orkestrinin “Qadın ətirli tanqo” adlı konsert proqramı təqdim edildi. Konsert 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuşdu. Proqramda Xalq artistinin yaradıcılığı və sənət yolu haqqında məlumat verildi Azərbaycan və dünya bəstəkarlarının vokal klassik əsərləri səsləndirildi. “Mezzo” kamera orkestrinin müşayiəti ilə (konsertmeyster Nəzrin Mustafayeva) Ü. Hacıbəyli, A.Motsart “Axşam serenadası”, J. Bize, A. Piazolla, A.Vivaldi, R.Hacıyev və digər bəstəkarların əsərləri Fidan Hacıyevanın ifasında qadınlar bayramı ərəfəsində xanımlara hədiyyə olundu. Tərtib olunmuş proqram bayram əhvallı gecəyə sevgi notları bəxş etdi. Qeyd edək ki, BMM-də mütəmadi olaraq əlamətdar tarixlərlə əlaqədar klassik və milli musiqi gecələri təşkil olunur. Bu layihələr tamaşaçılar tərəfindən maraqla qarşılanır.