
Beynəlxalq Muğam Mərkəzində Cadenza orkestrinin "Yaddaş" adlı konserti keçirlib. 28 may Müstəqillik gününə həsr olunmuş konsertdə Asəf Zeynallının, Ərtoğrol Cavidin, Xəyyam Mirzəzadənin, Cavanşir Quliyevin və Səid Qəninin əsəri ifa olunub. Ətroğrol Cavidin "Çal, oyna!", "Zəngəzur dağlarında", "Batabat yaylaqları" əsərləri ilk dəfə orkestrin ifasında (İşlənmə Türkər Qasımzadə) təqdim edilib. Asəf Zeynallının “Muğamsayağı” ilə başlanan proqram - Muğamın bəstəkar yozumuna ilk nümunələrdən biri ( işlənmə: Niyazi və Mustafa Mehmandarov) və Ərtoğrol Cavidin pyeslərinin (Türkər Qasımzadənin işlənməsi) səslənməsi də konsertin həsr edildiyi günə uyğun olaraq xüsusi məna daşıyırdı. Orkestrin müəyyən ideya ətrafında müxtəlif əsərləri birləşdirərək maraqlı proqram ərsəyə gətirməsi çox uğurlu alınır.
Xəyyam Mirzəzadənin “Simli kvartet üçün miniatürləri (2 dəftər)”, Cavanşir Quliyevin "1950. Yeddi pyes”, Səid Qəninin "İstəməz" əsəri ( Nəsiminin qəzəli əsasında) dinləyicilərə zövq bəxş etdi. Xalq musiqi incilərinə zərif yanaşma , ifaçıların həvəsli çıxışları əsərlərin mükəmməl sərgilənməsi ilə nəticələndi. Orkestr maraqlı proqramlar tərtib edərək hər dəfə tamaşaçıları heyrətləndirməyi bacarır.