
Dekabrın 6-da Beynəlxalq Muğam Mərkəzində “Sözün melodiyası - Keçmişə səyahət” adlı poeziya gecəsi keçirildi.
Gecədə bədii qiraətçi Hüseynağa Aslanovun ifasında Azərbaycan yazarlarının yaradıcılığına müraciət edilmişdi. Klassik poeziya nümunələri və müasir ədəbi janrlardan nümunələr səsləndirən qiraətçini gənc piano ifaçıları Ülviyyə Kazımova, Nərmin Rzayeva, tarda İsmayıl Zülfüqarov, nağarada Cəfər Həsənov, kamançada Mədinə Şahgəldiyeva müşayiət edirdi.
Gecədə Məhəmməd Füzuli, Süleyman Rüstəm, Salam Qədirzadə, Rəsul Rza, İlqar Fəhmi, Ramiz Rövşən, Səməd Vurğun , Pərviz Seyildli poeziyasından seçmələr Vaqif Mustafazadə, P.İ. Çaykovski, Cahangir Cahangirov , Emin Sabitoğlu, Sərdar Fərəcov , Sevda İbrahimova, Pikə Axundovanın musiqililəri fonunda təqdim edildi.
Nostalji və müasir düşüncələrlə dolu olan gecə maraqla qarşılandı. Adından da məlum olduğu kimi melodiya və sözün vəhdəti həmin gün musiqi həvəskarları və poeziyasevərlərə gözəl bir çələng bəxş etdi.