
Beynəlxalq Muğam Mərkəzində muzey sərvətlərinin elektron portalının təqdimatı keçirilib.
Noyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə muzey sərvətlərinin elektron portalının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva son illər ölkəmizdə muzey işinin təşkili istiqamətində reallaşdırılan layihələrdən söz açıb. “Ölkəmizdə muzey işi sahəsində köklü islahatlar aparılır. Son bir neçə il ərzində Prezident İlham Əliyev muzey işinin inkişafına yönəlmiş 15-dən çox sərəncam imzalayıb. Ölkəmizin şəhər və rayonlarında müasir standartlara uyğun muzey binaları istifadəyə verilir, muzey ekspozisiyaları yenidən təşkil olunur. Hazırda Mədəniyyət və Turizm Nazirliyi sistemində 219 muzey müəssisəsi fəaliyyət göstərir”, - deyə nazir müavini vurğulayıb.
Sevda Məmmədəliyeva deyib ki, muzey sərvətlərinin elektron portalının istifadəyə verilməsi nəticəsində vahid elektron məlumat sistemi qurulub, istifadəçi interfeysləri hazırlanıb. Muzey fondlarında qorunub saxlanılan muzey əşyalarının bu portala daxil edilməsi bu eksponatların mühafizə və qeydiyyatını asanlaşdıracaq.
Daha sonra “Adzone” şirkəti tərəfindən hazırlanan muzey sərvətlərinin elektron portalının təqdimatı keçirilib.
Tədbirdə, həmçinin muzey işçiləri üçün portaldan istifadə qaydalarından bəhs edən treninq də təşkil olunub.
Məlumat verilib ki, ölkəmizdə fəaliyyət göstərən muzeylərin daimi mühafizəsi üçün hazırlanan portal yalnız daxili istifadə üçün nəzərdə tutulub.
04.11.2016