
Beynəlxalq Muğam Mərkəzi istedadlara dəstək layihəsinə start verir
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində T.Quliyev adına 12 saylı musiqi məktəbinin konserti mərkəzin gənc istedadlara inamı və dəstəyinin bariz nümunəsi idi. İyunun 9-da keçirilən konsertdən əvvəl məktəbin direktoru Gülnarə Səfərova çıxış edərək bütün valideynləri və müəllimləri salamladı. Bildirdi ki, şagirdlərin səhnədə hər bir çıxışı onların səhnə mədəniyyətinin püxtələşməsi və bacarıqlarını daha da geniş nümayiş etdirməsinə şərait yaradır .Bu gün çox istedadlı şagidlərimiz tamaşaçılar qarşısında çıxış edəcək. Məktəbin şagirdləri maraqlı bir konsert proqramı ilə çıxış edəcəklər. Daha sonra məktəbin il ərzində əldə etdiyi uğurlar haqqında məlumat verildi. Vurğulandı ki, tədris ili çox məhsuldar olub.
"Caspian Etud" müsabiqəsində isə 6 şagirddən 4-ü laureat 1 şagird isə diplomant adı qazanmışdır.
Daha sonra şagirdlərin ifasında rəngarəng konsert proqramı təqdim edildi. Azərbaycan və Avropa bəstəkarlarının klassik əslərindən ibarət tərtib edilən proqram böyük maraq və alqışlarla qarşılandı.
Diqqətə çatdıraq ki, Beynəlxalq Muğam Mərkəzi gənc istedadların üzə çıxarılması, onların səhnə mədəniyyətinin püxtələşməsinə hər zaman dəstəkdir. Belə ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə razılaşma əsasında tədrisdə nümunəvi və fəal məktəblər eləcə də şagirdlərin Muğam Mərkəzin səhnəsində çıxışlarına mütəmadi yer ayrılacaq. Beynəlxalq Muğam Mərkəzi yaradıcı yanaşmaları özündə ehtiva edən və musiqi mədəniyyətimizin gələcəyinin daşıyıcıları olan gənc istedadlara sənət yollarında uğurlar arzulayır.
09.06.2019